Türk Dünyası Parlamentlər Birliyinin rəhbəri Nail Çələbinin ONA-nın Türkiyə bürosuna müsahibəsi
- Nail bəy, “Avropa İttifaqı kimi Türk Birliyi olsaydı, Türkiyə bu qədər yalnız olmazdı” deyirsiniz. Türk Birliyi modelini necə görürsünüz? Sizcə, bu birlikdə Azərbaycan əhəmiyyətli rol oynaya bilərmi?
- ABŞ, Rusiya və Çinin “qlobal siyasəti”nin təzyiqi altında olan birlik və ittifaqlar gündən-günə zəifləyir. Avropa İttifaqı qlobal güclər qarşısında zəiflədiyini görüncə, öz ordusunu qurmağı planlayır. Avropa İttifaqının ordu ideyası NATO-nun gələcəyinə kölgə salır, Asiyada tarazlıqlar pozulur, Rusiya və Çin bölgəni əhatə edən iki qütb halını alır.
Həqiqi dostumuz Azərbaycan tale ortağımız, soydaşımız, arxamızdır. Ata vətənimiz Orta Asiyanın işğalından bu günə qədər biz türklər, Azərbaycan türkləri, digər soydaşlarımız çox acılar yaşadıq, işğallara məruz qaldıq. Tarixdə yaşadıqlarımıza nəzər salsaq, birlik və bərabərliyimizi daha da möhkəmləndirsək, həmrəy olsaq, dostun da, düşmənin də heyran qalacağı yeni strategiyalar, planlar, variantlar ortaya qoya bilərik.
Avropa İttifaqına alternativ Türk Dövlətləri Birliyi qurmalıyıq. Bu, türk xalqları üçün vazkeçilməz hədəf olmalıdır. Çünki biz türk xalqları olaraq yeni bir donəmin xaricindəyik. SSRİ-nin dağılmasından sonra 25-28 illik qısa bir müddətdə müstəqilliyini qazanmış türk dövlətləri üçün yeni variantlar və strategiyalar yaratmaqda Azərbaycan, Qazaxıstan və Türkiyə öndər ölkələr olmalı və Türk Dövlətləri Birliyini həyata keçirməlidir. Biz bu məsələdə prinsipial olmalı, qorxmamalı və lazımi tədbirləri görməliyik.
- Avropa İttifaqı laxlayır. İqtisadi birlik olmadan türk xalqlarının mədəniyyətlərarası və mənəvi birliyi davamlı ola bilərmi?
- Avropa İttifaqı gərgin günlər yaşayır. İngiltərə ayrılma ərəfəsindədir, görünən budur ki, Avropa İttifaqının bütün yükünü Almaniya öz üzərinə götürür. Bəzi bölgə ölkələrinin “Türkiyə soydaşlarından mümkün qədər uzaq olsun” siyasəti ilə Türkiyənin ayağının altını qazmaq, sarsıtmaq niyyətləri var. Və bütün qüvvələri ilə bu siyasət üçün bacardıqlarını edirlər. Ona görə də zamanımız çox dardır, hərəkətə keçməliyik. Türk xalqlarının mənəvi oyanışına əsaslanaraq “mənəvi yenilənmə” proqramının yeni elementlərini müəyyənləşdirib bu birliyi yaratmalıyıq.
Türk dünyasının təbii sərvətlərinin istehsalı, istifadəsi və satışında ortaq siyasəti olmalıdır. Ortaq texnologiya və elmi layihələrini inkişaf etdirməlidir. Ortaq kosmos, aviasiya və avtomobil istehsal müəssisələri yaradılmalıdır. Asiya və Türkiyə coğrafiyasında qarşılıqlı evlənmələr və əhali artımı dəstəklənməlidir. Çünki türklər çox böyük coğrafiyada yaşamalarına rəğmən, bu bölgələrdə yetəri qədər deyillər. Ortaq müdafiə mövzusunda hərbi işbirliyimiz və müdafiə sahəsi mükəmməl olmalıdır.
Demokratiyanı rəhbər tutaraq və inkişaf etdirərək türk dövlətləri arasında idarəçilik fərqlərini də minimuma endirməliyik. Təhsil sahəsində də əməkdaşlıq yolu ilə elm və araşdırma fərqlərini azaltmalıyıq. Universitetlərarası ortaq elmi layihələri və bununla yanaşı, tələbə mübadiləsi proqramlarını genişləndirməliyik. Qadın, uşaq, qoca, əlil və digər təbəqələrə sosial xidmətlərin, insan haqlarının inkişafı istiqamətində də ortaq layihələrimiz olmalıdır. Eyni soy mənsublarının tarixdəki münaqişələrini və incikliklərini sevgi dili ilə ortadan qaldırmalıyıq. Ortaq dəyər və nişanələrimizin istifadəsini yayğınlaşdırmalıyıq. Bu birliyin qurulmasına mədəni, iqtisadi və sosial xidmət sahələri öncüllük etməlidir.
XXI əsr dövlətlərin vətəndaşlarını ən yüksək səviyyədə rifaha çıxarma, fundamental dəyərləri inkişaf etdirməklə rifah dövləti qurma, yaşatma və inkişaf etdirmə dövrüdür. Biz bu dövrü dəyərləndirməyi bacarmalıyıq.
- 2016-cı ildən Türk Dünyası Parlamentlər Birliyinə rəhbərlik edirsiniz. Birliyin hansı fəaliyyətləri var?
- Türk Dünyası Parlamentlər Birliyi 2013-cü ildə türk dövlətləri və türk muxtar bölgələrindən olan millət vəkilləri arasındakı ünsiyyəti gücləndirmək məqsədilə yaradılıb. Hədəfimiz dövlət quruluşları və özəl sektor olaraq layihələr yürütmək, rəsmi qurumlardan kənar sahələrdə olan boşluqları doldurmaq və dövlət rəhbərləri, eləcə də Türkiyə Böyük Millət Məclisi tərəfindən verilən tapşırıqları yerinə yetirmək, ayrıca “könül coğrafiyası” adlandırdığımız Balkan ölkələri, Monqolustan, Əfqanıstan, Pakistan, Tacikstan, bəzi Afrika ölkələri kimi ölkələr və xalqlar arasında qarşılıqlı əlaqələr yaratmaqdır. Birliyimiz türk dünyasındakı qeyri-hökumət təşkilatları arasında türk dövlətlərinin parlamentlərinə üzv və fəxri üzv ola bilən yeganə qurumdur. Fəaliyyətimizdə türk dövlətləri birliyi üçün önəmli ideyaları bizə miras qoyan Ziya Göyalp, İsmayıl Qaspıralı və Məhəmməd Əmin Rəsulzadənin xidmətlərini örnək bilirik. Atatürkün “dil, inanc, tarix bir körpüdür” fikrinə əsaslanıb köklərimizi öyrənib, fərqli olayların böldüyü tariximizi bütünləşdirmək cəhdlərindəyik.
- Türkiyə parlamentində 21-ci çağırış Trabzon millət vəkili olmusunuz. Türkdilli dövlətlər arasında hansı ölkənin parlament fəaliyyətini örnək hesab edirsiz?
- Türk dilində danışan Ölkələrin Parlamentlər Assambleyası - TÜRKPA türk dünyasının örnək parlament rəhbərlərini bir araya gətirib. TBMM-nin ev sahibliyi etdiyi TÜRKPA Avrasiya ölkələrinin parlament rəhbərlərinin toplantıları ilə və üzv ölkələrin iştirakı ilə hər il reallaşır. Avrasiya Ölkələri Parlament sədrləri təşkilatı TÜRKPA-nın parlament rəhbərlərindən təşkil olunur. Bu örnək parlamentin başçıları Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamenti Məclisinin rəhbəri Nurlan Niqmatulin və Qırğız Joqorku Keneşinin (parlament) sədri Dastanbek Cumabekovdur. TÜRKPA baş katibi isə Altınbek Mamayusupovdur.
- Türk Dünyası Parlamentlər Birliyinə üzv olan digər ölkələrin millət vəkillərinin Qarabağla əlaqədar düşüncələri nədir?
- Türk Dünyası Parlamentlər Birliyinə üzv olan digər ölkələrin təmsilçiləri Xocalı qətliamına necə ürək ağrısı ilə yanaşırlarsa, Dağlıq Qarabağ münaqişəsinə də eləcə dərin və həlli mümkün ola bilən problem gözü ilə baxırlar. Azərbaycanın işğalda olan torpaqlarını geri alması üçün hərbi gücünün yetərli qədər olduğuna inanırıq. Amma itkiyə yol vermədən müzakirələr yolu ilə sülh şəraitində torpaqlarını geri ala biləcək siyasi gücünün olduğuna da əminik. Xocalı qətliamı tək azərbaycanlıların deyil, bütün türk dünyasının qəlbində ağır yaradır və bu yaranın tezliklə sağalmasını diləyirik. İstər sülh, istərsə də hərb yolu ilə olsun, Azərbaycanın ərazi bütövlüyü üçün Türk Dünyası Parlamentlər Birliyi olaraq qardaş ölkəmizin yanındayıq.
Comments